ABŞ universitetlərində Fələstin tərəfdarları antisemitizmdə ittiham olunurlar


ABŞ-da bəzi universitet şəhərciklərində İsrailin Qəzzada dinc sakinləri qətlə yetirməsinə qarşı uzun müddətdir davam edən etiraz aksiyalarının iştirakçıları antisemitizmdə ittiham olunublar.


Keçən həftədən bəri Nyu Yorkdakı Kolumbiya Universitetinin kampus meydanında qurduqları çadırlarda keşik çəkən Fələstin tərəfdarı nümayişçilərin ABŞ Konqresi üzvləri, Nyu-York Qubernatorluğu tərəfindən edilən açıqlamalarda antisemit davranış nümayiş etdirdikləri iddia edilib.

ABŞ Konqresində Şelli Mur Kapito və Tom Kottonun başçılıq etdiyi ən azı 26 senator Baş prokuror Merrik Qarlanda yazdığı məktubda onları yəhudi tələbələri hədəf alan antisemit qruplar tərəfindən faktiki olaraq bağlanmış kampuslarda asayişi bərpa etməyə çağırıb.

Nyu-York qubernatoru Keti Hoçu da Nyu-York ştatındakı kollec və universitetlərin rəhbərlərinə məktub göndərərək bildirib ki, kollec şəhərciklərində soyqırım çağırışları 1964-cü il Mülki Hüquqlar Aktının, eləcə də Nyu York Ştat İnsan Haqları Aktının pozulmasıdır.

Nyu-York meri Erik Adams açıqlamasında Kolumbiya Universitetindəki etirazlarda nümayiş etdirilən antisemitizmdən dəhşətə gəldiyini bildirib.

Nümayişlərin antisemitizm kimi qələmə verilməsi və həbslərin sayının artması nəticəsində Nyu York Universiteti (NYU), New School, Stanford, YALE və MIT, habelə Kolumbiya da daxil olmaqla, ölkənin bir çox nüfuzlu təhsil müəssisələrində oxşar etirazlar başlayıb.

Nümayişləri antisemit hücum kimi qələmə verən bəyanatlarından sonra bəzi ABŞ Konqresinin üzvləri kampuslarda gərginliyi artıraraq “yəhudi əsilli tələbələrin və fakültə üzvlərinin təhlükəsizliyi üçün” ABŞ universitetlərində Milli Qvardiya qoşunlarının yerləşdirilməsinə çağırıblar.

Manhettendəki Kolumbiya Universitetinin kampusunda fələstinlilərə dəstək nümayiş etdirməyə davam edən tələbələr, yəhudi tələbələrin də İsrailin törətdiyi hərbi cinayətlərə etiraz etdiklərini bildirərək qeyd ediblər ki, antisemitizmdən söhbət gedə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu