ÜST: Hepatit B və C-dən hər gün 3500 insan ölür
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 3500 nəfər hepatit B və C infeksiyaları səbəbindən ölür.
ÜST-nin dərc etdiyi “2024 Qlobal Hepatit Hesabatı”nda hepatitdən ölüm hallarının artdığı bildirilib.
Hesabatda hər il 1 milyon 300 min insanın viral hepatitdən öldüyü vurğulansa da, dünyada yoluxucu xəstəliklərdən ölüm hallarının ikinci ən böyük səbəbi hepatit olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının 187 ölkədən aldığı yeni məlumatlara əsasən, viral hepatitdən ölənlərin təxmini sayı 2019-cu ildəki 1,1 milyondan 2022-ci ildə 1,3 milyona yüksəlib: “Bu ölümlərin 83 faizi hepatit B, 17 faizi isə hepatit C səbəblidir. Bu xəstəliklər səbəbindən dünyada hər gün 3500 insan ölür".
Hesabatda təxminlərə görə 2022-ci ildə 254 milyon insanın hepatit B, 50 milyon insanın isə hepatit C ilə yaşayacağı göstərilib.
Bundan əlavə, hesabatda xroniki hepatit B və C infeksiyalarının yarısının 30-54 yaş arasında, 12 faizinin isə 18 yaşa qədər uşaqlar arasında olduğu bildirilib.
Hesabatda həçmçinin ünya miqyasında hepatit hallarında bir qədər azalma olduğu və 2019-cu ildə 2,5 milyon olan yeni infeksiyaların sayının 2022-ci ildə 2,2 milyona düşdüyü vurğulanıb.
"Hər gün 6 mindən çox insan viral hepatitə yoluxur", - deyə məlumatda qeyd edilib.
Maraqlıdır ki, dünya üzrə xroniki hepatit B infeksiyası ilə yaşayanların yalnız 13 faizinə diaqnoz qoyulub və 2022-ci ilin sonuna qədər təxminən 3 faizinə (təqribən 7 milyon insan) virus əleyhinə müalicə aparılıb: "Bu nəticələr 2030-cu ilə qədər xroniki hepatit B və Hepatit C ilə yaşayan insanların 80 faizini sağaltmaq üçün qlobal hədəflərdən xeyli aşağı olaraq qalır. Bununla belə, 2019-cu ildə bildirilən son hesablamalardan sonra diaqnostika və müalicə əhatəsində cüzi, lakin ardıcıl irəliləyişlər olub".
Viral hepatitlərin paylanması bölgələrə görə fərqli olsa da, yeni hepatit B infeksiyalarının yüzdə 63-nün Afrika bölgəsində görüldüyü bildirilib.
Hepatit B ölümlərinin yüzdə 47-nin görüldüyü Qərbi Sakit Okean Bölgəsində diaqnoz qoyulan insanlar arasında müalicə nisbətinin yüzdə 23 olduğu və bunun ölümləri azaltmaq üçün kifayət etmədiyi vurğulanıb.
Hesabatda həmçinin 2030-cu ilə qədər viral hepatitin aradan qaldırılması üçün test və diaqnostikaya çıxışın genişləndirilməsi və innovativ maliyyələşdirmənin səfərbər edilməsi kimi tövsiyələr də yer alıb.
Hesabatda fikirləri yer alan ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, ortada narahatedici mənzərə var: "Hepatit infeksiyalarının qarşısının alınmasında qlobal irəliləyişlərə baxmayaraq, ölüm halları artır, çünki hepatitə yoluxmuş çox az insan diaqnozu qoyulur və müalicə olunur. ÜST ölkələrə həyatları xilas etmək və bunun qarşısını almaq üçün əllərində olan bütün vasitələrdən münasib qiymətə istifadə etməyə kömək etməkdə qərarlıdır".