Yaponiyada "Kairos" raketi havaya qalxdıqdan sonra partlayıb
Yaponiyada "Space One Co." Şirkətinin hökumət peykini daşıyan "Kairos" raketi havaya qalxdıqdan dərhal sonra partlayıb.
"Space One Co." şirkəti "Kairos" raketini yerli vaxtla saat 11.01-də Vakayama prefekturasının cənub-şərqindəki Kuşimoto rayonundakı Kii kosmodromundan buraxıb.
18 metr uzunluğundakı raket havaya qalxdıqdan 5 saniyə sonra havada partlayıb.
Hadisə zamanı xəsarət alan olmasa da, partlayışdan sonra başlayan yanğınla əlaqədar əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Şirkətdən verilən açıqlamada raketin buraxılışında nasazlığı aşkar etməyə çalışdıqları və missiyanın dayandırıldığı bildirilib.
Nazirlər Kabinetinin Peyk Kəşfiyyat Mərkəzinin məlumatına görə, raket yükündəki peykdən Şimali Koreyadakı hərbi obyektlərin monitorinqi üçün istifadə oluna biləcəyi bildirilib.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, buraxılış uğurlu olsaydı "Space One" orbitə peyk yerləşdirən ilk Yapon özəl şirkəti olardı.
"Canon Electronics Inc", "IHI Aerospace Co", "Shimizu Corp." və Yaponiya İnkişaf Bankı tərəfindən 2018-ci ildə qurulan şirkət 2030-cu ilə qədər hər il kosmosa 30 raket göndərməyi hədəfləyir.
"Space One" aşağı qiymətli raket buraxılışlarını təmin etməklə kosmik xidmətləri kommersiyalaşdırmaq məqsədi daşıyır.