Haiti baş naziri istefa verib
Baş nazir Ariel Henri Haitidə quldur dəstələrinin törətdiyi zorakılıq və gərgin etirazlardan sonra tutduğu vəzifədən istefa verib.
Qayana Prezidenti və Karib Hövzəsi İcmasının (CARICOM) sədri İrfaan Əli açıqlamasında belə deyib: “Biz Haitidə müvəqqəti prezident şurasının yaradılmasına dair razılaşmadan sonra Baş nazir Ariel Henrinin istefasını qəbul etdik".
CARICOM-a üzv olan 25 ölkənin dövlət başçıları Haitidəki təhlükəsizlik böhranını müzakirə etmək üçün Yamaykanın Kinqston şəhərində fövqəladə toplantı keçirib.
Görüşdən sonra martın 5-dən təhlükəsizlik səbəbiylə Puerto Rikoda gözləyən Henri istefa qərarını CARICOM-a çatdırıb.
Yerli mətbuatda dərc olunan xəbərlərdə zorakılığın davam etdiyi ölkədə dəstə üzvlərinin 2 polis bölməsinə və Daxili İşlər Nazirliyinə basqın etdiyi, lakin polis tərəfindən dəf edildiyi bildirilib.
Minlərlə məhbusun həbsxanadan qaçmasına səbəb olan dəstə lideri “Barbekü” ləqəbli Cimmi Çerizier martın 6-da verdiyi açıqlamada Baş nazir Henrinin istefa vermədiyi təqdirdə “Haiti ya hamı üçün cənnət, ya da hamı üçün cəhənnəm olacaq" - deyə bildirib.
Henrinin istefasını tələb edən silahlı dəstələr martın 2-də və 3-də Port-au Prince və Croix des Bouquets bölgəsi yaxınlığındakı iki həbsxanaya silahlı hücum edərək təhlükəsizlik qüvvələri ilə toqquşub. Qarşıdurmalar zamanı 4 minə yaxın məhbus həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.