Azərbaycan və Rusiyanın baş nazirləri arasında təkbətək görüş başlayıb
Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında təkbətək görüş başlayıb.
"Report” TASS-a istinadən xəbər verir ki, görüş Azərbaycan Nazirlər Kabinetinin binasında keçirilir.
Görüşə daha sonra nümayəndə heyətlərinin üzvləri qoşulacaq. Rusiya nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Vitali Savelyev, Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina və başqaları daxildir.
Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, M.Mişustin Azərbaycana ikigünlük işgüzar səfərə gəlib.