Dollara tələb artır: Rekord idxal gözlənilir - DEPUTAT
Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78,7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64,2 milyon dollar satılmışdı. Bu, son 2 hərracda 142,9 milyon dolların satılması deməkdir. Qeyd edək ki, yanvarın 23-ü və 25-i tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı.
AFN.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, son günlər dollara tələbin artmasından xəbər verir: "Bunun psixoloji tərəfləri olsa da, valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir: "2023-cü ilin ilk 11 ayında Azərbaycanda idxal əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5,1% artaraq 15,8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil".
"Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələr də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır", - deyə V. Bayramov vurğulayıb.