Ermənistanın “siyasi paranoyası” – Paşinyanın təklif etdiyi paktlara ekspert rəyi


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təkliflər ünvanladığını açıqlayıb. Bildirib ki, Ermənistan Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif edib. Bu təkliflərin meydana çıxması hansı zərurətdən yaranıb Ermənistan üçün?




AFN.az-a açıqlamasında deputat Arzu Nağıyev bunun Ermənistan tərəfindən növbəti siyasi gediş olduğunu bildirdi: “Əsas məsələ ondan ibarətdir ki, beynəlxalq platformalarda Ermənistan ciddi-cəhdlə belə bir yalan fikirlər səsləndirir ki, guya Zəngəzur dəhlizi sülh yolu ilə açılmasa, Azərbaycan onu hərbi yolla əldə edəcək. Bu məsələləri beynəlxalq səviyyədə qaldırmaqla guya Azərbaycanın Ermənistanın ərazi bütövlüyün pozmaq və silahlı yolla Zəngəzur dəhlizini ələ keçirmək planlarının olduğu təəssüratı yaradır. Bu, tamamilə absurddur. Məhz buna görə də “hücum etməmək paktı” məsələsini ortaya atıblar. Tək bu deyil. O məsələ də ortada qalır ki, qoşunlar güzgüvari şəkildə sərhəddən çəkilsin. Əgər sərhəd yoxdursa, qoşunların çəkilməsi də mümkün deyil. Digər tərəfdən, əgər qoşunlar çəkiləcəksə, mütləq şəkildə kimsə əraziyə nəzarət etməlidir. Bunlar çalışacaqlar ki, müşahidəmi qismində Qərbdən müxtəlif qruplar gətirsinlər. Bunların hamısı sülh müqaviləsini ləngitmək və status-kvonu saxlamaq üçün atılan addımlardır. Əgər doğrudan da Ermənistan sülhün bərqərar olmasını istəyirsə, bu absurd təklifləri ortaya atmazdı. Azərbaycan bunların hamısını yüksək şəkildə təhlil edir, başa düşür ki, bu, Ermənistanın öz müstəqil siyasəti deyil, havadarlarının, maraqlı dövlətlərin diqtəsi altında həyata keçirilən siyasətdir. Azərbaycan buna adekvat olaraq cavab verir və hər hansı absurd təkliflərin müzakirəsinə yol verilməyəcək!”



Politoloq Turan Rzayev mövzu ilə bağlı danışarkən bildirdi ki, Azərbaycan və Ermənistan arasında hərbi balansda həmişə birincinin üstünlü müşahidə edilib: “İstər 44 günlük müharibə, istərsə də lokal antiterror tədbirləri ilə Azərbaycan bir daha göstərdi ki, hərbi cəhətdən Ermənistandan qat-qat üstündür. Silah arsenalı, texnologiya, silah bazarlarına çıxış imkanları da iki ölkə arasında qeyri-bərabərdir. İran, Hindistan, Fransa, Rusiya kimi ölkələrin həm özlərinin silah arsenalı, həm də Ermənistana satdığı silahlar haqqında müəyyən fikrə sahibik. Məsələn, ən aktualını deyək: Fransadan Ermənistana gələn silahlar Gürcüstan üzərindən daşınırdı və biz Gürcüstanla imzalanmış müqavilələrə görə o silahların təyinatını bilirdik. Amma bu imkan Ermənistanda yoxdur, Azərbaycanla bağlı onların belə məlumatlara çıxış imkanları yoxdur. O baxımdan, güman etmək olar ki, Paşinyanın silahlara qarşılıqlı nəzarət mexanizmi haqda təklifi məhz bu zərurətdən yaranıb”.
“Hücum etməmək haqda pakt” təklifinə gəlincə, T.Rzayev qeyd etdi ki, son zamanlar Azərbaycanın Ermənistanın cənub ərazilərinə hücum edəcəyi, o əraziləri işğal edəcəyinə dair müxtəlif dairələrdə açıqlamalar, xəbərdarlıqlar səslənir: “Ermənistan tərəfi onsuz da son məğlubiyyətdən sonra belə bir fobiyadan əziyyət çəkir ki, Azərbaycan öz tarixi torpaqlarını qaytarmaq fikrindədir. Əslində bu, Ermənistanın özünün keçirdiyi siyasi paranoyadan başqa bir şey deyil. Paşinyan bir növ bununla bu riski aradan qaldırmağa çalışır. Digər tərəfdən, sülh müqaviləsi imzalanmadığı üçün de-fakto müharibə vəziyyəti davam edir və gərginliyi alovlandıracaq bir neçə fakt hələ də aktivdir. Məsələn, anklav, eksklavlar məsələsi, sərhədlərin delimitasiya və demarkasiyası həll olunmamış qalır. Paşinyanın təklif etdiyi pakt indiki reallıqlarla imzalansa, bu, sadəcə mövcud status-kvonun saxlanması olacaq ki, bu da bizim maraqlarımıza uyğun deyil. Azərbaycan tərəfi maksimum dərəcədə qıza müddətdə ən azından ilkin sülh müqaviləsinin imzalanmasını, paralel olaraq da sərhədlərin təyin olunması məsələsini bitirmək istəyir. Ermənistan bu paktla mövcud vəziyyəti ört-basdır etməyə çalışır. Ermənistanın bu paktı imzalayıb sonra təxribatlar törədib məsuliyyəti bizim üzərimizə atmayacağına zəmanət yoxdur. Sülh müqaviləsi olmadan bu paktın imzalanması çox çiy və nəticəsiz addım olar”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu