NASA astronavtının 8 ay əvvəl kosmosda itirdiyi kiçik pomidor tapılıb
Martda NASA astronavtı Frank Rubionun Beynəlxalq Kosmik Stansiyada (BKS) Yer orbitində itirdiyi kiçik pomidor 8 ay sonra tapılıb. Astronavt Rubio uzun müddətdir ki, bu pomidoru yeməkdə ittiham olunurdu.
Həmin vaxt astronavt təcrübə çərçivəsində yığdığı pomidoru itirib və bu, stansiyada zarafatlara səbəb olub.
Çərşənbə günü canlı yayımlanan tədbirdə NASA astronavtı Jasmin Moghbeli, "Evə qayıdan yaxın dostumuz Frank Rubio uzun müddətdir ki, bu pomidoru yeməkdə günahlandırılır. Amma indi onu bəraət qazandıra bilərik. Pomidoru tapdıq. " deyə qeyd edib.
Sözügedən tədbir dekabrın 6-da BKS-nin yaradılmasının 25-ci ildönümü çərçivəsində keçirilib. Moghbeli pomidorun harada və hansı vəziyyətdə olduğunu açıqlamayıb.
Təxminən 2,5 santimetr diametrdə olan cırtdan pomidor Veg-05 təcrübəsi üçün yetişdirilib. Rubio şəxsən bu tərəvəzlərə qulluq edib və yığırdı.