Bu uşaq evləri Agentliyin tabeliyinə verildi
1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri və uşaq evi sosial xidmət müəssisələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı şəhəri üzrə Nizami rayonu 1 nömrəli uşaq evi, Suraxanı rayonu 2 nömrəli uşaq evi, Xətai rayonu 3 nömrəli uşaq evi, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Şəki şəhər qarışıq tipli uşaq evi, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Osman Mirzəyev adına qarışıq tipli uşaq evi sosial xidmət müəssisələri ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmiş sosial xidmət müəssisələrinin əsasında Sosial Xidmətlər Agentliyinin tabeliyində müvafiq publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsini təmin etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Şəki Şəhər İcra Hakimiyyəti və Lənkəran Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.