ABŞ-ın hərbi təmasların bərpası ilə bağlı təklifinə Çindən cavab verilməyib
Birləşmiş Ştatlar Çin Xalq Respublikasından (ÇXR) hərbi təmasların bərpası ilə bağlı təklif olunan ideyaya hələ cavab almayıb.
Bunu Bloomberg agentliyinə istinadən ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri, general Çarlz Braun deyib.
Amerikalı general Çindən müsbət qərar gözlədiyini etiraf edib. “Müttəfiqlərlə və ya rəqiblərlə dialoqu davam etdirmək bacarığı həqiqətən vacibdir. Rəqiblərə gəldikdə, bu, vəziyyəti düzgün qiymətləndirmək üçün lazımdır”, - deyə Braun Kaliforniyada Reyqan Milli Müdafiə Forumunda çıxışında bildirib.
O izah edib ki, hələ noyabrda ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tszinpin arasında baş tutan görüşdən əvvəl, liderlər iki ölkənin hərbçiləri arasında təmasları bərpa etmək barədə razılığa gəliblər və o, Mərkəzi Hərbi Komissiyanın birgə qərargah rəisi Liu Zhenliyə məktub yazıb. Mətndə Braun kommunikasiya kanallarının yenidən tətbiqinə çağırıb. Lakin amerikalı generalın sözlərinə görə, o, hələ də Liu Zhenli ilə birbaşa əlaqə saxlaya bilməyib.
Braun həmçinin ABŞ-ın kiber imkanlar və süni intellekt texnologiyalarında Çindən üstünlüyünü qeyd edib.
Braun Kaliforniyada keçirilən forumda Ukraynadan da danışıb. O, əmin edib ki, ABŞ Kiyevə yardım göstərməklə bu dövlət ətrafında böhrana son qoymağın formalarını müəyyən etmək istəyir.