Bahar Muradova: Qız doğulanda bir-birimizə başsağlığı veririk


“Özümüz də bilmədən həmişə oğlan arzulamışıq, qızlar doğulanda “canın sağ olsun” demişik.


Özümüz də bilmədən onlar arasında mahnılarımızda, şeirlərimizdə, qəhrəman obrazlarımızda fərq qoymuşuq. Bu təkcə məsələni neqativ hal edən ictimai qurumun, cəmiyyətin bu barədə səlahiyyət verilmiş tərəflərinin işi deyil. Bu, hamımızın işidir”.

Bizim.media xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkədə qız uşaqlarına ögey münasibətə həsr olunmuş “YAŞADAQ. Ümid qanadları” adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

Bahar Muradovanın sözlərinə görə, qız uşaqlarına münasibət bizə qədim ənənələrdən, folklor nümunələrindən gəlib və cəmiyyət bunun ətrafında çox ciddi düşünməlidir:

“Təəssüf ki, bu, bizə folklor nümunələri, gündəlik yaşayış tərzimiz, düşüncələrimiz, bir-birimizə münasibətlə, bəzi hallarda isə dəyər dediyimiz mənfi stereotiplərlə yavaş-yavaş qanımıza, canımıza, düşüncəmizə hopub. İnsanlığı aşağılayan hərəkətə hamımızın münasibəti eynidir. Biz dünyaya gəlməli və yaşamalı olan insanın həyatına son verməli deyilik. Heç bir səbəb buna haqq qazandıra bilməz”.

Komitə sədri bundan sonra ədəbiyyatımızda və mədəniyyətimizdə bu mövzunun nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Siyasi mübarizələri, müharibələri, təbiət hadisələrini ədəbiyyata, sənətə, musiqiyə gətirdiyimiz kimi, bu məsələnin də insanlara təsir göstərə biləcək vasitələrlə istifadəsinə üstünlük verməliyik. Bunun əksini sübut edəcək yeni bayatılar, yeni şeirlər yazaq və cəmiyyətə bu şəkildə təsir etməyə çalışaq.

Arzu edirəm ki, düşüncələrimizdə elə bir dəyişiklik edək ki, heç bir ailədə bu, müzakirə predmeti olmasın. Doğulacaq uşağın kimliyinin öyrənilməsinin vacib olduğu qənaətini kənara qoyaq və ailəyə yeni bir insanın gələcəyini düşünək. Onun gəlişini sevinclə gözləyək, o doğulanda da bir-birimizə başsağlığı verməyək, bir-birimizi təbrik edək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu