NATO cənub qonşularını öyrənmək üçün qrup yaradıb
NATO-nun baş katibi Yens Stoltenberq blokun cənub qonşularını, o cümlədən Yaxın Şərq, Şimali Afrika və Sahel ölkələrini öyrənmək üçün qrup yaradır.
Bu barədə Şimali Atlantika Alyansının saytındakı bəyanatda deyilir. “Baş katib Yens Stoltenberq NATO-nun qonşu cənub bölgəsinə, xüsusən də Yaxın Şərq, Şimali Afrika və Sahel bölgəsinə yanaşmasının nəzərdən keçirilməsini dəstəkləmək üçün müstəqil ekspertlər qrupu təyin edib. Qrupun sədri vəzifəsinə portuqaliyalı professor Ana Santos Pinto təyin edilib”, - deyə məlumatda bildirilir.
Qrupun 2024-cü ilin aprelində blok ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl Stoltenberqə təqdim olunacaq hesabat hazırlayacağı vurğulanır. Alyans bildirib ki, hesabat qonşu cənub regionunda baş verən hadisələri qiymətləndirməyə və NATO-nun gələcək yanaşması üçün konkret tövsiyələri formalaşdırmağa kömək etməlidir.