Polkovnik xəbərdarlıq edib: "Qarabağda dalana dirənən separatçılar təxribat törədəcəklər" - FOTO
Bunu Report-a açıqlamasında ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsi veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
O, sülhməramlıların fəaliyyətlərinin missiyaları ilə üst-üstə düşmədiyini vurğulayıb:
“Sülhməramlılar Rusiyanın icraçı orqanıdır, Rusiyanın verdiyi tapşırıqları icra edir. Rusiyanın hansı tapşırıqları verdiyini də biz onların gündəlik fəaliyyətində görürük. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin ancaq adı sülhməramlıdır. Onların qanunsuz fəaliyyətini göstərən çoxsaylı faktlar var. Azərbaycanın qələbəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında Üçtərəfli Bəyanat imzalandı, həmin bəyanatın dördüncü bəndində qanunsuz silahlıları tərksilah etmək və ya Azərbaycan ərazisindən çıxarmaqla bağlı maddə var. Bununla bağlı hər üç ölkə öhdəlik daşıyır, ancaq Rusiya və Ermənistan bu bəndi yerinə yetirməkdən nəinki boyun qaçırırlar, hətta qanunsuz silahlıları himayə etməkdən də çəkinmirlər. Elə bu, onların qanunsuz fəaliyyətini göstərən faktlardan biridir.
Bundan başqa, ötən üç il ərzində Azərbaycanın əsgərinə, dinc əhalisinə qarşı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən və Azərbaycanın Qarabağ iqtisadi rayonundan atəş açılıb, dəfələrlə atəşkəs pozulub. Azərbaycan bununla bağlı “Fərrux”, “Qisas” kimi əməliyyatlar keçirib adekvat cavab verərək düşməni yerində oturda bilib. Daha sonra rus sülhməramlıları Laçın yolundan separatçıların qanunsuz silah-sursat daşımasını təmin etdi. Bunun qarşısını almaq üçün isə Azərbaycan sərhəd keçid məntəqəsini yaratdı. Yəni Rusiya sülhməramlıları artıq terrorçuların kolonlarını daxildə təminat məsələlərini yerinə yetirmək üçün onları himayə edirlər. Hələ də Azərbaycanın postuna Rusiya postunun yanında qumbara atan terrorçunun aqibəti bilinmir”.
Ş.Ramaldanov logistik yolların bağlı olması məsələsinə də diqqət çəkib:
“Ağdam, Xankəndi, Kəlbəcər istiqamətindəki yollar da demək olar ki, Azərbaycan üçün bağlıdır. Reallıq var ki, reinteqrasiya məsələsi sülhməramlı qüvvələrin səlahiyyətinə aiddir. Ancaq onlar nəinki reinteqrasiyaya kömək edir, hətta Qarabağdakı ermənilərin Azərbaycanla əlaqə qurmalarına maneə törədərək reinteqrasiyaya əngəl olurlar. Düzü, onların yaratdıqları problemləri saymaqla qurtarmır. Azərbaycan Qarabağın erməni sakinlərinə heç bir təhlükə yaratmayıb və yaratmayacaq, ancaq Rusiya sülhməramlıları ermənilərin yanlarında müdafiə mövqeləri yaradır və oraya terrorçular yerləşdirilməsinə göz yumur, onları müdafiə edirlər. Həmin terrorçuların silahı isə Azərbaycanın əsgərinə və dinc əhalisinə yönəldilib. Belə olan təqdirdə biz Rusiyanın hansı sülhməramlı missiyasından danışa bilərik? Ona görə də Azərbaycan cəmiyyəti onların Qarabağdakı fəaliyyətini sorğulayır”.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan qələbə çalandan sonra belə əraziləri minalanıb, Ermənistanda istehsal olunmuş minalar sülhməramlıların yerləşdiyi ərazilərə döşənib:
“Azərbaycan öz qanunverici orqanlarını orada yerləşdirəndən və ərazilərini terrorçulardan azad edəndən sonra yenə mina sahələri ilə üzləşib. Guya Rusiya sülhməramlıların Qarabağdakı fəaliyyətini əvvəlcə beş il üçün nəzərdə tutmuşdu, ancaq biz Soçidə Paşinyanın dilindən Rusiyanın orada daha çox qalma niyyətini eşitdik. Bu gün gedən proseslər də o istiqamətdə cərəyan edir. Rusiya XİN və Müdafiə Nazirliyi rəhbərlərinin Xankəndini Stepanakert kimi adlandırması da onu göstərir ki, Rusiya dövlətinin Qarabağla bağlı niyyəti Azərbaycan maraqlarına uyğun gəlmir. Separatçıların himayəçiliyi də ondan xəbər verir ki, onlar vəziyyəti gərgin saxlayaraq buradakı fəaliyyət müddətlərini uzatmaq istəyirlər. İstisna etmirəm ki, terrorçu-separatçı qüvvələrin tör-töküntüləri yaxın zamanlarda Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə hansısa təxribata əl atacaqlar”.