Pakistanın dialoq çağırışına Hindistandan cavab
Pakistanın baş naziri Şabaz Şərifin dialoq çağırışından sonra Hindistan bütün qonşularla, o cümlədən Pakistanla normal münasibətlər qurmaq istədiyini bildirib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi Şərifin açıqlamaları ilə əlaqədar olaraq, "Hindistanın bu mövzuda aydın və ardıcıl mövqeyi bəllidir. Pakistan da daxil olmaqla, bütün qonşularımızla normal münasibətlər arzulayırıq" - deyə bildirib.
Bağçi, münasibətlərin normallaşması üçün terror və düşmənçilikdən azad bir mühitin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Pakistanın baş naziri Şabaz Şərif dünən verdiyi açıqlamada bildirib ki, Hindistan mühüm məsələləri masaya qoymaqda ciddidirsə, Yeni Dehli administrasiyası da daxil olmaqla hər kəslə danışmağa hazırdırlar.
Şərif müharibənin artıq seçim olmadığını və regional inkişaf üçün Hindistanla danışıqlara açıq olduğunu bildirib.
Şərif ölkəsinin son 75 ildə Hindistanla 3 dəfə döyüşdüyünü və bunun yoxsulluğu və işsizliyi artırdığını, təhsil, səhiyyə və xalqın rifahının vəsait çatışmazlığı səbəbindən lazımi səviyyədə maliyyələşdirilə bilmədiyini vurğulayıb.