İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edildi
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin hökmdə qeyd edilib ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İ.Süleymanovun yaxınları və vəkilləri hökmdən narazı qalıblar. Vəkillər prosesdən sonra jurnalistlərə bildiriblər ki, qərardan apellyasiya şikayəti verəcəklər.
Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini söyləmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.