BMT-dən epidemiya xəbərdarlığı: 43 ölkədə 1 milyard insan təhdid altındadır


Birləşmiş Millətlər Təşkilatı (BMT) 43 ölkədə təxminən 1 milyard insanın təhlükə altında olduğunu bildirərək epidemiyaya qarşı xəbərdarlıq edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada bir çox ölkənin epidemiya ilə üzləşdiyi bildirilib. Söhbət vəbadan gedir. Yoluxma hallarının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu bildirilib.

43 ölkədə bir milyard insanın vəba riski altında olduğu qeyd edilən açıqlamada, xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu riskin çox daha yüksək olduğu vurğulanıb.

Açıqlamada qeyd olunub ki, vəbadan ölüm halları həyəcan verici səviyyədə artıb. Bu il Malavi və Nigeriyada yoluxma sayının gözləniləndən çox olduğu bildirilən açıqlamada Malavi, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyaların Cənub-Şərqi Afrikanı ciddi şəkildə təsir altına aldığı qeyd edilib.

Bu ilin fevral və mart aylarında Freddi qasırğası Malavi və Mozambikdə 800 min insanın məcburi köçkün olmasına və səhiyyə xidmətlərindən istifadə edə bilməməsinə səbəb olub. Buna görə də leysan yağışlar və daşqınlar bölgədə vəba riskini artırıb.

ÜST-nin qlobal vəba reaksiyası üzrə direktoru Henri Qrey qeyd edib ki, onlar vəba hadisələrinin mövsümi olaraq dəyişə biləcəyini və daha çox arta biləcəyini proqnozlaşdırırlar. "Son onilliklərdə vəba epidemiyası ilə mübarizədə böyük addımlar atılıb. Lakin hazırda vəziyyətin geriyə doğru getməsi riski ilə üzləşirik" - deyə Qrey vurğulayıb.

UNİCEF ilə sıx əməkdaşlıqda çalışdıqlarını ifadə edən Qrey, 2025-ci ilə qədər peyvənd dozalarını ikiqat artırmalı olduqlarını söylədi.

Peyvəndin tək başına bir həll yolu olmadığına diqqət çəkən Qrey, bildirib ki, peyvəndləmə bir vasitədir: "Amma ümumi bir həll yolu deyil. Su kanalizasiyasına investisiyalar prioritetlər arasında olmalıdır. Bunun üçün təcili vəsaitə ehtiyacımız var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu