ABŞ-dan Rusiyaya START təklifi
ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi bildirib ki, Vaşinqton Strateji Silahların Azaldılması Müqaviləsi (START) ilə bağlı məsələləri müzakirə etmək üçün Moskva nümayəndələri ilə görüşməyə hazırdır.
AFN.az-ın xəbərinə görə, o, bu barədə “Kommersant” qəzetinə müsahibəsində danışıb.
Treysi Vaşinqtonun "Yeni START"-ı qorumaq üzərində işləmək arzusunu açıqlayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar START-a əməl olunması ilə bağlı hər iki tərəfin narahatlığını, habelə müqavilənin icrasının bütün digər aspektlərini müzakirə etməyə hazırdır. Səfir xatırladıb ki, belə görüşlərin keçirilməsi iki ölkənin müqavilə öhdəliyidir və Vaşinqton razılaşmaya əməl etməyə çalışır. "Birləşmiş Ştatlar onilliklər ərzində nüvə arsenallarını azaltmaq və sabitliyi təşviq etmək üçün çalışıb və biz müharibəsiz bir dünya üçün, o cümlədən mümkün olduqda Rusiya ilə gücləndirilmiş strateji dialoq yolu ilə səylərimizi davam etdirəcəyik" - deyə səfir qeyd edib.
Bundan əvvəl ABŞ Rusiyanı "Yeni START" müqaviləsində iştirakını bərpa etməyə çağırıb. Bu tələblə ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi çıxış edib.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti açıqlayarkən ölkənin START-da iştirakını dayandırdığını elan edib. O qeyd edib ki, söhbət müqavilədən çıxmaqdan yox, dayandırmaqdan gedir.