Bakıda temperatur iqlim normasından 3.5° isti olub
Aprelin 21-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-si axşamdan bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətinin Xidmətdən AFN.az-a bildirilib ki, düşən yağıntının miqdarı Şərur, Ordubad, Sədərəkdə 6, Şahbuzda 4, Tovuz, Gədəbəydə 3, Balakən, Zaqatala 2, Ceyrançöl, Naxçıvan, Şahdağ, Daşkəsəndə 1 millimetrədək olub.
Aprelin 20-də cənub-qərb küləyi əsib, arabir Daşkəsəndə saniyədə 23, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında 19 metrədək güclənib. Sumqayıt, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunub.
Aprelin 20-də Bakıda havanın temperaturu iqlim normasından 3.5° yuxarı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-23° isti, Naxçıvanda 27°-dək isti, dağlıq rayonlarda 11-16°, aran rayonlarında 22-27° isti təşkil edib.
Aprelin 21-i şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı, 22-23-də gündüz saatlarında isə əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.