Taxıl ticarəti üzrə dünyanın aparıcı şirkətlərinin Rusiya bazarından sürətli çıxışı davam edir


Dünya taxıl ticarətinin aparıcı şirkətlərinin Rusiya bazarından sürətli çıxışı davam edir. Son 1 həftədə artıq 3-cü böyük treyder gedişini elan edir.


AFN.az TASS-a istinadən xəbər verir ki, qlobal taxıl treyderi "Louis Dreyfus"un törəmə şirkəti 2023-cü il iyulun 1-dən Rusiyadan taxıl ixracını dayandıracaq. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurum “Louis Dreyfus Vostok” MMC şirkətindən 2023-cü il iyulun 1-dən Rusiyadan taxıl ixracının dayandırılması barədə bildiriş aldığını açıqlayıb. "Hazırda şirkət Rusiyadakı mövcud biznes və taxıl aktivlərinin yeni sahiblərə verilməsi imkanlarını araşdırır", - deyə Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Kənd Təsərrüfatı Nazirliyi əmindir ki, LDC-nin, eləcə də digər xarici taxıl treyderlərinin ölkədən getməsi yerli ərzaq məhsullarının ixracının həcminə və dinamikasına təsir göstərməyəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın "Cargill" və Kanadanın "Viterra" şirkətləri Rusiyadan taxıl ixracından çəkildiklərini açıqlayıblar. Rusiya taxılının 6-cı ən böyük ixracatçısı olan və illik taxıl ixracı 2-2,2 milyon ton civarında olan "Cargill" martın 28-də müvafiq quruma rəsmi xəbərdarlıq göndərərək iyulun 1-dən başlanacaq yeni ixrac mövsümündə taxıl ixracında iştirak etməyəcəyini bildirib. Qeyd edək ki, Novorossiysk limanında yerləşən KSK taxıl terminalının 25 faizi də "Cargill"ə məxsusdur.
"Cargill"dən bir gün sonra, martın 29-da isə Rusiya taxılının 4-cü böyük ixracatçısı olan "Viterra" şirkəti ixracı dayandırdığını bəyan edib. Şirkətin Rusiyadakı törəməsi olan “Viterra Rus” Rusiyanın taxıl ixracatçıları arasında 4-cü ən böyük şirkətdir. Şirkətin Taman dərinsulu limanındakı taxıl terminalının illik ixrac gücü 5 milyon ton, Rostov-Dondakı terminalının ixrac gücü isə 2 milyonb ton təşkil edir.

"Rusiya bazarını tərk edən taxıl ixracatçılarının ümumi payı 15%-dən az idi, indiki vəziyyətdə böhran yoxdur". Bu qiymətləndirməni Taxıl İxracatçıları İttifaqının rəhbəri Eduard Zernin verib. Onun sözlərinə görə, xarici treyderlər qlobal təchizat zəncirlərində iştirakla bağlı üstünlüklərə malik olsalar da, Rusiya ixracatçıları biznes miqyasına görə onları çoxdan ötüblər. Zernin qeyd edib ki, transmilli treyderlərin eyni vaxtda Rusiyanın taxıl bazarından çıxarılmasını müsbət hadisə adlandırmaq çətin olsa da, vaxtilə bu şirkətlər bazarın inkişafı üçün çox iş görüblər, indiki vəziyyətdə heç bir böhran yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu