Qorxduğumuz başımıza gəldi - Elxan Şükürlü


BQP sədri, Milli Məclisin deputatı, dəyərli maarifçi ziyalımız Fazil Mustafaya qarşı təşkil edilən sui-qəsddə əsas məqsədin onun öldürülməsi olduğu açıq-aydın görünür.


AFN.az xəbər verir ki, bunu analitik yazar Elxan Şükürlü deyib. Onun fikrincə, bu terroru təşkil edənlərin hədəfi Fazil bəyin qətli üzərində hansısa ssenariləri həyata keçirmək, onun şəxsiyyətinə və düşüncələrinə diqqət çəkmək və məhz bu dalğa üzərində böyük bir fitnə çıxarmaq, qarşıdurma yaratmaq və nəticə əldə etmək olub: "Yalnız Allahın möcüzəsi Fazil bəyi də, ölkəmizi də bu məkrli qüvvələrin növbəti qanlı tələsinə düşməkdən xilas edib...
Bizim hüquq-mühafizə orqanlarımızın işinə qətiyyən müdaxilə etmək niyyətimiz yoxdur, ancaq dünən gecədən sosial şəbəkələr üzərindən bu hadisəyə verilən reaksiyaların təhlilindən gəldiyimiz ilkin qənaət budur ki, Fazil bəyə qarşı təşkil edilən sui-qəsdlə yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən basqın arasında qəribə bir paralellik, oxşarlıq mövcuddur və hər iki olayda kiberməkandan istifadə və kiberməkana hesablanmış fəaliyyətlər var. Mümkündür ki, hər iki hadisədə sifarişçi elə eyni mərkəzdir: birincidən gərəkli nəticə alınmadığından, ikincisinə keçilib.
...1970-ci illərin sonları 1980-ci illərin əvvəlləri Böyük Britaniyanın “Mİ6” kəşfiyyat xidmətinin zabiti, islamşünas alim Bernard Lyuis ABŞ prezidenti Karterin təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinskiyə tövsiyə etmişdi ki, bütövlükdə Cənubi və Mərkəzi Asiyada sabitliyi pozmaq üçün bu coğrafiyada islam fundamentalizmindən istifadə etmək, ənənəvi məzhəb qarşıdurmasından yararlanmaq gərəkdir. Çünki bu coğrafiyada yaşayan xalqların dəyişməz genetik kodu İslamdır..."
E.Şükürlü təəssüflə qeyd edib ki, indi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağı olan Azərbaycanımızı da hansısa qüvvələr addım-addım məzhəb qarşıdurmalarının yeni poliqonuna çevirməyə çalışırlar: "Dini məsələlərlə bağlı müzakirələrimizdə həmişə Fazil bəyi ehtiyatlı olmağa çağırır, hansısa üçüncü qüvvələrin bundan istifadə edə biləcəyini həmişə vurğulayırdım. Qorxduğumuz başımıza gəldi".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu