Rusiya MDB-nin iki sazişinin ratifikasiyasını ləğv etdi: Moskva kəmərləri daha bərk sıxır


Rusiya Dövlət Duması Müstəqil Dövlətlər Birliyi ölkələri arasında 1992-ci ilin 15 mayında imzalanmış 2 sazişi ləğv edib. Bunlar hərbi qulluqçuların və onların ailəsinin pensiya təminatı, həmçinin MDB üzvü olan dövlətlərin hərbu qulluqçularının sığortalanması haqqında dövlətlərarası saziş, həmçinin sərhəd qoşunları hərbi qulluqçularının və onların ailəsinin pensiya təminatı, həmçinin MDB üzvü olan dövlətlərin sərhəd qoşunlarının hərbu qulluqçularının sığortalanması haqqında dövlətlərarası sazişlərdir.


Dövlət Dumasının saytında yerləşdirilən izahatda bildirilir ki, sazişi Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna imzalayıb. Məqsəd Sovet ordusunda xidmət keçən hərbi qulluqçuların pensiya və sığorta təminatını tənzimləmək olub.
Rusiya tərəfi iddia edir ki, ötən müddət ərzində SSRİ ordusunda xidmət keçən hərbi qulluqçuların hamısının pensiya hüququ təmin olunub. Üstəlik, saziş iştirakçısı olan ölkələrin özlərində müvafiq qanunverici baza formalaşdırılıb. Ən əsası, sazişlər imkan verir ki, bir ölkədə hərbi xidmət keçən hərbi qulluqçu pensiya yaşı çatanda daha yaxşı təminatlar olan ölkəyə miqrasiya edərək, öz ölkəsindəkindən üstün təminatlar əldə etsin. Guya hazırda Rusiyada hərbi qulluqçulara yönəlik pensiya və sığorta təminatı digər ölkələrdəkindən daha yüksək olduğuna görə Rusiya faktiki olaraq, getdikcə daha çox başqa ölkələrin hərbi qulluqçularına pensiya və sığorta ödəməli olur. Buna görə də Moskva özünün təşəbbüskarı olduğu sazişlərin ratifikasiyasını ləğv edir.
Qeyd edək ki, MDB-nin maliyyə yüklü bir sıra sosial sazişlərindən çıxmaq Rusiyada 2022-ci ildən başladılan prosesdir. Ukraynadakı işğalçı müharibəyə külli miqdarda xərc çəkən Rusiya bir sıra xərclərdən qurtulmaq məcburiyyətindədir. Ötən il Dövlət Duması digər ölkələrin pensiya hüququnun təmin olunmasına dair MDB sazişini də ləğv edib. Beləliklə, 2023-cü ilin yanvarından Rusiya ikili müqaviləsi olmayan MDB dövlətləri vətəndaşlarının digər ölkələrdəki əmək stajını tanımır. Bu addım Rusiyada illik 18 milyard rubl büdcə vəsaitinə qənaət etməyə imkan yaradır...

AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu