G20 dövlətlərinin XİN rəhbərləri yekun bəyannamə ilə bağlı razılığa gələ bilməyiblər
G20 ölkələrinin xarici işlər nazirləri Hindistanda keçirilən sammitin yekunlarına dair yekun bəyanatla bağlı razılığa gələ bilməyiblər.
AFN.az xəbər verir ki, bu haqda Hindistanın xarici işlər naziri Subramanyam Caişankar məlumat verib. "Ukrayna münaqişəsi məsələsində müxtəlif iştirakçılar arasında fikir ayrılıqları var idi. Bunlar bizim həll edə bilmədiyimiz fikir ayrılıqlarıdır" - deyə Hindistanın XİN rəhbəri qeyd edib.
“Vedomosti” qəzetinin məlumatına görə, yekun bəyanat layihəsində 24 bənd var. Onlardan üçüncü və dördüncüsü Rusiya və Çinin birgə fəaliyyətinə qarşıdır. Layihədə Rusiyanın Ukraynaya qarşı müharibəsi pislənilir, Rusiya qoşunlarının Ukrayna ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələbi əksini tapır, hərbi əməliyyatların dünya iqtisadiyyatına mənfi təsirindən, beynəlxalq hüquq normalarına riayət edilməsinin zəruriliyindən danışılır. Həmçinin nüvə silahından istifadənin yolverilməzliyi vurğulanır.
Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov yekun sənədi imzalamamaqda Qərb ölkələrini günahlandırıb. Onun sözlərinə görə, Qərb G20 bəyannaməsində “Şimal axını” qaz kəmərlərinin partladılması ilə bağlı vicdanlı araşdırma aparılmasının zəruriliyini əks etdirməkdən imtina edib.
Ötən həftə G20-nin maliyyə nazirləri də yekun bəyannamə ilə bağlı razılığa gələ bilməyiblər.