Tayvanla Çin arasında münasibətlər gərginləşir - müharibə olacaq?
Çinlə Tayvan arasında gərginlik getdikcə artır. Çin ada ətrafında təlimlərə ara vermir. Bu arada ABŞ da Tayvanda hərbi mövcudluğunu artırmaqda davam edir. Münasibətlər müharibəyə doğru gedir desək, yanılmarıq. “Reuters” rəsmi Pekinin Tayvana qarşı hərbi təzyiqə üstünlük verdiyini yazıb. ABŞ-dan dəstək alan Tayvan hökuməti Çinin hegemenloğunu qəbullanmaq niyyətində deyil.
AFN.az xəbər verir ki, politoloq Elan Şahinoğlu məsələ ilə bağlı şərh verib. Onun sözlərinə görə, Tayvanın müxalif Qomindan Partiyası Çinlə gərginliyin azaldılmasına çalışır. "Bu partiyanın rəhbərliyi Çinə ara-sıra səfərlər edərək çinli rəsmilərlə fikir mübadiləsi aparırlar. Məqsəd Çinin Tayvana hücumunun qarşısını almaqdır. Lakin rəsmi Pekin Tayvan rəhbərliyinə təzyiqi artırıb" - deyə şərhçi bildirib.
Politoloq bildirib ki, Tayvan əhalisinin mütləq əksəriyyəti vaxtilə Çindən adaya köçənlərdir: "Həmin insanların bir qismi Çində kommunist diktaturasının əleyhinə olduqlarına görə vaxtilə ana vətənlərini tərk ediblər. Ancaq adanın rəsmiləri Tayvan əhalisinin özlərini çinli hesab etmədiklərini, tayvanlı olduğunu bildirirlər. Bu yanaşma ona görə səsləndirilir ki, Çinin adaya iddiası olmasın".
Tayvanın Qomindan Partiyasının Pekinlə davam edən dialoqu gərginliyi azaltmaq məqsədi daşıyır. Buna baxmayaraq, partiya rəhbərliyi onları çinpərəst adlandırlanlarla razılaşmır: "ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Tayvana səfəri Pekini qəzəbləndirən hadisələrdən oldu. Qomindan Partiyasının rəhbərliyi bu qəzəbi və Pelosinin səfərinin təsirini azaltmaq üçün Pekinə səfər edib. Partiya rəhbərliyi hesab edir ki, Pekinlə dialoq qapısı açıq saxlanılmalıdır. Tayvan hökuməti müxalifət partiyasının Pekinlə dialoqunun əleyhinə deyil".
E.Şahinoğlu 2024-cü ildə Tayvanda prezident seçkisi keçiriləcəyini xatırladaraq bildirib ki, Pekin bu seçkidə Qomindan Partiyasının namizədinin qələbəsini arzulayır. "Fərqli siyasi qüvvələrin namizədinin seçkidə qələbəsi gərginliyi azaltmayacaq. Qomindan Tayvanda ötən ilin bələdiyyə seçkilərində qələbə çalıb. Adanın 22 bələdiyyəsindən 14-ü Qomindanın nəzarətindədir. Bu ondan xəbər verir ki, ada sakinləri Çinlə müharibə istəmirlər. Bütün hallarda Pekin adanı özünə tabe etdirmək istəyir" - deyə politoloq vurğulayıb.