İran Aİ missiyasının Ermənistanda fəaliyyətə başlamasına niyə susur? - ŞƏRH
Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlaması Rusiyanı narahat etsə də, İran nədənsə hələlik susur.
AFN.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Onun sözlərinə görə, İran da səsini çıxarmalı olacaq. Proseslə bağlı artıq Rusiyanın reaksiyası açıqlanıb: şimal qonşumuz Aİ missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edib. Missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər: "Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır".
E.Şahinoğlu vurğulayıb ki, Rusiya bu prosesə etirazını açıq formada bəyan etdiyi halda, İrandan səs çıxmır. "Nədənsə İran ardaşı Ermənistana xəbərdarlıq etmir. Bu, Moskvanı narazı salır. Çünki Moskva Tehranın da hərəkətə keçməsini istəyir. Avropa İttifaqının hərbi missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq" - deyə politoloq qeyd edib.