G20-nin Hindistandakı toplantısında Rusiya-Ukrayna müharibəsi müzakirə olunmayacaq


Vladimir Putin “Böyük iyirmilərin” toplantısında iştirak edərsə, bəzi ölkələrin rəhbərləri toplantını tərk edə bilər.


AFN.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya lideri toplantıya qatılacağı təqdirdə, bəzi rəhbərlər Putinlə eyni masada oturmaq istəməyə bilərlər. "Digər yandan, Putin Hindistanda çox az sayda ikili görüş keçirəcək" - deyən politoloqun fikrincə, bu iki səbəbdən Putin toplantıya qatılıb-qatılmayacağıyla bağlı hələ qərar verməyib: "Ancaq Putin Qərb liderlərinin acığına Hindistandakı toplantıda iştirak edərsə, bununla göstərəcək ki, dünyadan izolə edilməyib və onun əlini sıxmaq istəyən liderlər var".

Qeyd edək ki, “Böyük iyirmilərin” (G20) toplantısı martın 1-də Hindistanda olacaq. Toplantı bir neçə gün çəkəcək. Liderlərdən əvvəl “Böyük iyirmilərin” xarici işlər nazirləri görüşəcək və liderlərin mövzularını müəyyən edəcəklər. Rəsmi Dehli toplantıda Rusiyanın iştirakına çalışır. Lakin Kreml sahibi hələ qərar verməyib.

Xatırladaq ki, bundan əvvəl İndoneziyada “Böyük iyirmilərin” toplantısında gərginlik yaşanmışdı. Qərb ölkələri toplantıda Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə qarşı sənəd qəbul etməyə çalışdılar. Ancaq “Böyük iyirmilərin” Rusiya ilə sıx münasibətləri olan dövlət liderlərinin bir qrupu bunun əleyhinə çıxdılar. E.Şahinoğlunun sözlərinə görə, Qərb dövlətlərinin liderləri bu dəfəki “böyük iyirmilərin” toplantısında Rusiya əleyhinə hər hansı sənədin qəbuluna çalışmayacaqlarını bildiriblər: "Çünki bu mənasızdır. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq fikrində deyil. Qərb liderləri isə Kremllə danışıqların nəticəsiz qaldığını anlayaraq Ukraynaya hərbi texnika yardımını artırıblar. Ona görə də Hindistandakı toplantıda Rusiya-Ukrayna müharibəsi müzakirə olunmayacaq".
Ekspert bildirib ki, G20-nin sözügedən toplantısında üçüncü dünya ölkələrinin borc məsələsi, ərzaq təhlükəsizliyi, koronavirusla mübarizə, iqlim dəyişikliyi kimi mövzular müzakirə mövzusu olacaq.
Toplantıya "Böyük iyirmilik" ölkələrinin liderlərindən başqa, Banqladeş, Misir, İspaniya, Mavrikiy, Nigeriya, Niderland, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurun rəhbərləri də dəvətlilər siyahısındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu