“Vaqner” başçısının təyyarəsi vuruldu
“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) başçısı Yevgeni Priqojınin təyyarəsi vurulub.
AFN.az xəbər verir ki, təyyarə vurulan zaman Priqojın və bir pilotla birgə hava əməliyyatı keçirirmiş. Məlumatı şirkətdən təsdiqləyiblər.
"Ukrayna hava hücumundan müdafiə sistemi “Su-24”ü zərərsizləşdirsə də, birinci pilot “möcüzəvi şəkildə” təyyarəni yerə endirə bilib. Donetks vilayətinin Baxmut rayonunda baş verən insidentdə zərər çəkən olmayıb" - deyə bildirilir.
“Vaqner” rusiyalı sahibkar, “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan özəl silahlı dəstədir. "Vaqner" ÖHŞ 2014-cü ildən fəaliyyət göstərir. Əsasən Ukraynanın işğal altındakı bölgələrində, Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə əməliyyatlar keçirir. ABŞ-ın və Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilən qruplaşma Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edilib.