"Anasını bükməyə kəfəni çətinliklə tapdı" - məşhur müğənni sevgilisinin yaşadığı faciədən yazdı
Türkiyənin məşhur müğənnisi Seren Serengilin Hatayda yaşayan sevgilisi Mustafa Tohmanın ailəsi zəlzələdə dağıntılar altından çıxarılıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tohmanın anası daxili qanaxmadan dünyasını dəyişib. Hataya gedən Tohma ilə bağlı sosial şəbəkədə məlumat paylaşan Serengil, "Təəssüf ki, anasının cəsədi yüzlərlə adam kimi morqda deyil, çöldədir" - deyə bildirib.
Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Seren Serengilin sevgilisi Mustafa Rəhman Tohmanın Hatayda yaşayan ailəsi də zəlzələdə dağıntılar altında qalıb. Göz yaşları içində köməyə çağıran Tohma ailəsini dağıntılar altından çıxarsa da, anasını xilas edə bilməyib. Tohma anasının cənazəsini götürmək üçün Hatayda olarkən Seren Serengil başına gələnləri belə ifadə edib: "Hatayda xilas olunmağı gözləyən minlərlə insan var. Dağıntılar altında saatlarla gözləyib, daha dözə bilməyib dünyasını dəyişənlər də var. Onlardan biri də Tohmanın mələk anası idi, yeri cənnət olsun. Üstünə bir sütun düşüb və başına zərbə dəyib. 8 saat gözlədi, "yaxşıyam, ayağım ağrıyır" dedi, amma ondan artıq dözə bilmədi, daxili qanaxma səbəbindən dünyasını dəyişdi. Yenə gülümsəyirdi... Tərif olunmaz ağrının necə olduğunu izah edə bilmirəm”.
Müğənni sevgilisinin atasının sağ olduğunu, amma yeriməkdə də çətinlik çəkdiyini bildirib: "Bir dəqiqə belə yanından ayrılmadığı 35 illik həyat yoldaşını itirdiyi üçün davamlı olaraq ağlayır. Bu gün səhər anamız dəfn ediləcək və qalanlar İstanbula yola düşəcəklər. Təəssüf ki, onun meyiti yüzlərlə başqaları kimi morqda deyil, çöldədir. Tohmaya anasına sarılacaq kəfən tapmaq çətin idi. Duasını oxumağa molla, qəbrini qazmağa kürək yoxdur... Şəhərdən bir az kənarda parket mağazasında neylon üzərində gecələyirlər. Səhər anasını dəfn edib, yaşadıqları şəhəri, evlərini, torpaqlarını, xatirələrini geridə qoyub, atasını da götürüb İstanbula gələcəklər..."