BDU-nun hüquqşünasları CM-ə ekosid və urbisidlə bağlı maddələrin salınmasını təklif edir


Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Cinayət Məcəlləsinə ekosid və urbisidlə bağlı maddələrin salınmasını təklif edir.


Bu barədə AFN.az-a universitetdən məlumat verilib.

Belə ki, Hüquq fakültəsinin Elmi Şurasının iclasında ekosid və urbisid kimi əməllərin kriminallaşdırılmasının zəruriliyi müzakirə edilib. Fakültə qüvvədə olan cinayət qanunvericiliyində sülh və bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərin sırasının genişləndirilməsi ilə bağlı təklif irəli sürüb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində parlaq qələbə qazanaraq 30 ilə yaxın davam edən işğala son qoyub. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı beynəlxalq cinayət kimi tanınan və Cinayət Məcəlləsinin 16-cı (Sülh və insanlıq əleyhinə cinayətlər) və 17-ci (Müharibə cinayətləri) fəsillərinə daxil olan maddələrlə məsuliyyət yaradan bir sıra əməllər (təcavüzkar müharibə, soyqırım, insanlıq əleyhinə və müharibə cinayətləri) törədilib. Lakin işğal dövründə Qarabağın və ətraf rayonların ekosisteminə genişmiqyaslı ciddi ziyanın vurulmasına, yerli əhalinin yaşayışını mümkünsüz etmək məqsədilə şəhərlərin, digər iri yaşayış məskənlərinin qəsdən tamamilə dağıdılıb məhv edilməsinə görə məsuliyyət müəyyən edən müstəqil normalar Cinayət Məcəlləsində mövcud deyil (ekosid və urbisid cinayətlərinin tərkibinə daxil olan bəzi hərəkətlər yalnız müharibə cinayətləri kimi 116-cı maddə üzrə məsuliyyət nəzərdə tutur).

Hüquq fakültəsi Cinayət Məcəlləsinə ekosid və urbisid əməllərinin kriminallaşdırılması ilə əlaqədar müvafiq olaraq 104-1 və 104-2-ci maddələrin əlavə edilməsi haqqında təkliflər hazırlanıb və Milli Məclisə və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinə göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu