Qarlı hava çaylarda sululuğa müsbət təsir göstərib - Nazirlikdən açıqlama
Son 5 gündə ölkə ərazisində yağan qar çaylarda sululuğa müsbət təsir göstərib.
AFN.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, yağan qar əksər bölgələrdə kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub: "Böyük Qafqazın Balakən-Şəki bölgəsində düşən yağıntı ötən ildəkindən və ongünlük normadan 50 faiz çox olub, qar örtüyünün hündürlüyü 22 sm-dək təşkil edib. Oğuz-Qəbələ bölgəsində isə yağıntının ongünlük normadan 30 faiz çox olması nəticəsində qar örtüyünün hündürlüyü 19 sm-dək olub. Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsində isə qarın daha çox yağması nəticəsində qar örtüyünün orta hündürlüyü Quba-Xaçmaz bölgəsində 32, Lənkəran-Astara bölgəsində isə 35 sm-dək olub”.
A.Verdiyev vurğulayıb ki, müşahidə edilən hava şəraiti çayların sululuğuna da müsbət təsir görtərib: "Düşən yağıntılarla bağlı bəzi çaylarda və Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar, Lənkərançay-Sifidor, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqələrində suyun səviyyəsində 1, Kür-Surra məntəqəsində 13, Kür-Şirvanda 4, Kür-Salyanda 19, Kür-Bankədə 6 sm artım qeydə alınıb”.
Xidmət rəsmisinin sözlərinə görə, yaxın günlərdə temperatur rejiminin tədricən yüksəlməsi və dağlıq ərazilərə yağan qarın tədricən əriməsi nəticəsində çaylarda xüsusən də Lənkəran-Astara bölgəsindən axan çaylarda sululuğun artımı gözlənilir.