ABŞ Nümayəndələr Palatası spikersiz qaldı - Respublikaçılarda parçalanma


ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar çoxluğu yeni, 118-ci sessiyanın açılışı günü üç dəfə spiker seçməyə cəhd etsə də, bütün səylər uğursuz olub.


AFN.az-ın məlumatına görə, spiker postuna əsas namizəd hesab edilən respublikaçı Kevin Makkarti tələb olunan minimum səsləri toplaya bilməyib.
Konqresin aşağı palatasına sədr seçmək üçün 435 qanunvericinin sadə səs çoxluğunun, yəni 218 səsin dəstəyi lazımdır. Nümayəndələr Palatasının rəhbəri bu il çoxluğu təşkil edən Respublikaçılar Partiyasından seçilir. Ancaq respublikaçıların demokratlar üzərində yalnız cüzi üstünlüyü var. Ona görə də spikerin seçilməsi üçün partiyadaxili hər bir səs vacibdir.
Son səsvermədə Makkarti cəmi 202 səs qazanıb. Mühafizəkar partiyanın üzvlərindən əsasən 20-si onun əleyhinə səs verib. Qalanları başqa bir respublikaçı Cim Cordanı dəstəkləyib. Azlıq üzvləri də öz namizədliyini irəli sürə bilərlər. Demokratlar bu posta Hakim Ceffrisin namizədliyini irəli sürüb, onu eyni partiyanın 212 üzvü, yəni bütün fraksiya dəstəkləyib. Amma bu, Cefrisin qalib gəlmək şansının daha çox olması demək deyil. Ona müəyyən sayda rəqibin də səs verməsi lazımdır.
Üç uğursuz cəhddən sonra Konqresin aşağı palatası tətilə çıxıb.
Xatırladaq ki, ABŞ Konqresinin 435 nəfərlik Nümayəndələr Palatası 1913-cü ildə yaradıldıqdan sonra əksəriyyətin birinci gün spikeri təsdiq edə bilməməsi halı yalnız bir dəfə, 1923-cü ildə baş verib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu