DYP-dən bayram günləri ilə bağlı MÜRACİƏT
Yol polisi qarşıdan gələn bayramla bağlı əhaliyə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bayram günlərində DYP əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:
"Bayramda insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. Bu da onu deməyə əsas verir ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək. Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşları tərəfindən zəruri tədbirlər görüləcək. Son dövrlər xüsusən ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma durma tələbləri pozulur. Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha ciddi yanaşmağı, süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik.
Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi və bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik”.