"İnsanları ən çox narahat edən məsələ nədir?"- Səhiyyə Nazirliyi

"Ölkəmizdə sağlamlığın təcili problemləri insanları ən çox narahat edən məsələdir. Səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar".
AFN.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.
O bildirib ki, ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb:
"İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir. Bununla yanaşı, təcili tibblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, Ümumdünya Səhiyyə Təşkilatı buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır. Birincisi, xəstəxanaya qədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi, xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü, təcii tibbi yardımın tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər".