Son günlər ən çox yayılan virus- TƏBİB rəsmisinin açıqlaması
"Pandemiya müddəti ərzində digər yuxarı tənəffüs yollarının virus mənşəli xəstəliklərilə insanlar daha az qarşılaşdığına görə bu xəstəliklərə qarşı qazanılmış immunitetdə də azalma müşahidə edilib. Bu səbəbdən əvvəlki illərdə daha az yayılan bu xəstəliklərə əhalinin daha tez yoluxma və xəstəliyin daha ağır simptomlarla müşahidə olunma riski artır".
Bu fikirləri BAKU.WS-ə açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
O, bildirib ki, havaların soyuq keçdiyi son günlərdə əhali arasında yuxarı tənəffüs yollarının virus mənşəli xəstəliklərinə yoluxma sayının artması və xəstəlik simptomlarının daha uzunmüddətli davam etməsi ilə əlaqədar məlumatlar yayılıb:
"Bütün dünyanı öz təsiri altına alan COVID-19 pandemiyası zamanı dünya əhalisi arasında maska, sosial məsafə və əl gigiyena qaydalarına əvvəlki illərlə müqayisədə daha ciddi riayət olunduğu müşahidə edilib. Pandemiya müddətində insanlar arasında maska istifadəsi onların COVID-19-la yanaşı hava-damcı yolu ilə yayılan digər mənşəli virus xəstəliklərindən qorunmasına da şərait yaratıb. Bunun qarşısının alınmasının ən uğurlu yolu maska, sosial məsafə və əl gigiyenası qaydalarına ciddi şəkildə riayət olunmasıdır. Əhali arasında yuxarı tənəffüs yollarının virus mənşəli xəstəliklər arasında ən çox yayılmışı COVID-19-la yanaşı qrip və respirator sinsitial virusdur (RSV)".
Həkimin sözlərinə görə, son dövrlərdə bir çox dünya ölkəsində qış aylarında “üçlü epidemiya” (triple epidemic) adı altında COVID-19, qrip və RSV-nin daha çox yayılıb:
"Qeyd edək ki, COVID-19 və qrip virusuna qarşı vaksinlər mövcuddur və vaksin vurduraraq həmin xəstəliklərin ağırlaşma riskini azalda bilərik. Təəssüflər olsun ki, RSV-yə qarşı vaksin mövcud deyil və yoluxmağın qarşısının alınmasının ən həssas yolu maska, sosial məsafə və əl gigiyena qaydalarına ciddi şəkildə əməl olunmasıdır".