Pnevmoniyanın əsas əlamətləri açıqlanıb


Pnevmoniyanın klinik əlamətləri əsasən iltihabın həcmindən asılıdır.



AFN xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

O bildirib ki, simptomları xarakterik və ümumi ola bilir: "Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir. Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır. Döş qəfəsində ağrı əsasən lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur. Adətən belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir. Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur. Pnevmoniya üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, baş ağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahın azalması və s. kimi simptomlar daxildir. Pnevmoniya üçün adətən yüksək qızdıırma (38-39 °C) və bu qızdırmanın qısa müddətli olaraq antipiretik dərmanların fonunda düşməsi xarakterdir. Lakin immun sistemi zəif olanlarda, qocalarda bədən hərarəti yüksəlməyə də bilir".

Ekspert vurğulayıb ki, pnevmoniya hər yaşda müşahidə oluna bilər: "Lakin 2 yaşa qədər uşaqlar, immun sistemi çox zəif olanlar, 65 yaşdan yuxarı insanlarda pnevmoniya çox təhlükəli ola bilər. Uşaqlarda klinik simptomlar pnevmoniyaya səbəb olan vəziyyətə görə fərqli ola bilsə də, ən çox rast gəlinən əlamətlər öskürək, bəlğəm, sinə ağrısı, qusma və ya ishal, iştahsızlıq, yorğunluq və ümumi zəiflik, sürətli və çətin nəfəs alma, baş ağrısı və s".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu