Naxçıvanın muxtariyyəti ləğv edilə bilərmi: Qars müqaviləsində nə deyilir?


Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ləğv edilməsi bir sıra mülahizələrə səbəb olub. Məlumat üçün bildirək ki, Naxçıvan MR-də DTX ləğv edilərək, yerində Azərbaycan DTX-sının Baş İdarəsi yaradılıb. İddialara görə, Naxçıvan MR-də fəaliyyət göstərən digər qurumlarla bağlı da oxşar addım atılacaq. Hətta iddia olunur ki, proses Naxçıvanın muxtariyyətinin ləğvinə qədər inkişaf edə bilər.


Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərli DTX-nın ləğvini muxtariyyətin ləğv prosesinin sürətlənməsi kimi xarakterizə edib: "Belə başa düşürəm ki, Naxçıxanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir - doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur, amma bu addımın illərdir dediyimiz hüquqi bazası, Konstitutsiya islahatları ayağı mütləq olmalıdır. Yeni Konstitutsiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərgi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili Mer institutu təsis edilməlidir. Bu həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların (bir daha - azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə, nəhayət ki, start verilmiş olacaq".

Sabiq deputat, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə Qaynarinfo-ya bildirib ki, Naxçıvanda DTX-nın ləğvindən uzaqgörən nəticələr çıxarmağa ehtiyac yoxdur: "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti bütövlükdə Azərbaycanın icra hakimiyyəti sisteminə tabedir. Bu baxımdan, orada icra hakimiyyətinin təşkili müxtəlif cür ola bilər. Yəni, hansısa nazirlik ləğv edilib, yerində idarə, şöbələrə yaradılması mümkündür. Məsələn, DTX-ya qədər Xarici İşlər Nazirliyinin Naxçıvanda Baş İdarəsi fəaliyyət göstərib. Ona görə də hesab etmirəm ki, Naxçıvanda DTX-nın ləğvi, yaxud başqa struktur dəyişikləri muxtariyyətin ləğvinə hesablanıb. Hazırda bu məsələ gündəmdə deyil.

Digər tərəfdən, Naxçıvan Muxtar Respublikası 1921-ci ildə Moskva və Qars müqavilələri əsasında yaradılıb. Beynəlxalq təminatı var, qarantı Türkiyədir və indiki situasiyada Naxçıvanın muxtar vilayət kimi mövcudluğu gərəklidir. Çünki Naxçıvanın Azərbaycanla faktiki olaraq quru sərhəddi yoxdur. Bu baxımdan, orada mərkəzi idarəetmə sisteminə ehtiyac var”.

Partiya sədri əlavə edib ki, Naxçıvanın muxtariyyətinin ləğvi üçün referendum keçirilməlidir: "Referendum ölkə daxilində ən ali hüquq akt olduğuna görə, o zaman Moskva və Qars müqavilələri də qüvvədən düşəcək”.



Qeyd edək ki, bölgənin muxtariyyət statusu 1921-ci il Qars müqaviləsi ilə təmin olunur və həmin müqavilə hələ qüvvədədir. Qars müqaviləsi 1921-ci ilin sentyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanıb. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.

Müqavilənin preambluasında göstərilir ki, bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlib.

Rusiya, Türkiyə və Zaqafqaziya respublikaları arasında sərhədləri müəyyənləşdirən, ərazi mübahisələrini həll edən həmin müqavilənin 5-ci bəndində belə deyilir: "Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır”.

Qars müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusuna malik olması barədə bənd yer alsa da, həmin sənəddə muxtariyyətin hüdudları barədə heç nə deyilmir. Bununla belə, beynəlxalq hüququn norma və prinsiplərinə görə həmin müqavilə Naxçıvanın muxtariyyətinin birtərəfli qaydada ləğv edilməsinə imkan vermir. Bunun üçün Türkiyənin razılığı və iştirakı olmalıdır. Beynəlxalq hüquqa görə, Qars müqaviləsi Türkiyənin Naxçıvan üzərində qarantor ölkə statusunu təmin edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu