“İran kimi hədəf alır? Budurmu İslami həmrəyliyi?" – QMİ-dən Tehrana sərt bəyanat
“İranın XİN rəhbərinin Qafanda verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik”.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin İrandan səsləndirilən təhdidedici iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqlarla bağlı yaydığı bəyanatda deyilir.
“2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq naminə qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən aqressiv münasibət, qeyri-konstruktiv mövqe və açıq düşmənçilik meylləri ilə qarşılanır. Bu təəssüfdoğurucu hal qonşu İran dövləti ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur. Azərbaycan dünyəvi hüquqi-demokratik dövlət olduğundan siyasi, iqtisadi məsələlərə dair mövqenin ifadə olunması dövlət rəsmilərinin vəzifə və məsuliyyətidir. İran müsəlman dövləti olduğundan teokratik İranın dini cameəsi, bir qayda olaraq, siyasi hadisələrə dair şərhlərlə çıxış edir. Azərbaycanın dini mərkəzi olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət bildirməyi özümüzə borc bilirik.
İran ilə Azərbaycanı bağlayan tarixi mənəvi dəyərlər arasında dini amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış reallıqdır. Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etməlidir. Dost, qardaş dar gündə tanınar. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərdi həllini tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşımışdır. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistana hərtərəfli dəstəyi müsəlmanlar, xalqımız tərəfindən qınanılır. Uzun illər ərzində əsl qardaş və dost kimi İslam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalı pisləyən bəyanatlarla çıxış edən müsəlman ölkələrindən fərqli olaraq İİR Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş müvafiq qərar və qətnamələrə məhəl qoymamışdır. Bu, islamı birlik və məzhəbi yaxınlıq amalları ilə bir araya sığmayan münasibət Azərbaycan dindarları tərəfindən qəbul olunmur, heysiyyatlarına toxunur.
Tarix hamımızın yadındadır. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı, məscidlərimizi tövləyə çevirərək İslamda haram buyurulan heyvanlarla həqarət etdiyi zamanlarda, müsəlman Azərbaycan qadın, qoca və uşaqlarını qətliam etdiyi, Xocalıda soyqırım törətdiyi, milyona yaxın azərbaycanlını dədə-baba yurdundan məcburi çıxardığı, qaçqın həyatı yaşamağa məhkum etdiyi, torpaqlarımıza od vurub viran qoyduğu günlərdə İran dövləti bu vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını pisləyən hər hansı qəti bəyanat belə səsləndirmədi. Halbuki, Azərbaycan xalqı qonşu İran İslam Respublikasından bu faktların qınanılmasını, pislənilməsini gözləyirdi. Qarabağda və Qərbi Azərbaycan ərazilərində məscidlərimizi yerlə yeksan edən ermənilər dünyanın gözündə guya məscidlərə qayğı göstərən dövlət imici yaratmaq məqsədilə Şuşadakı Yuxarı Gövhərağa məscidini və İrəvandakı Göy məscidi «bərpa» etdirərkən prosesi həyata keçirən İran şirkətləri məscidlərin azərbaycanlılara məxsusluq mənşəyini dəyişdirərək, əslində, ermənilərin vandal əməllərini malalaylblar.
Atalarımız gözəl deyib – uman yerdən küsərlər. Biz bütün bunlara rəğmən, İran ilə qonşuluq münasibətlərinin yüksək səviyyəsinin inkişaf etdirilməsini hər zaman vacib saymış, həm də orada yaşayan milyonlarla soydaşımızın taleyinə biganə qalmamışıq. Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub. İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulaşmış tərəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirmək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu mürəkkəb dönəmdə Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışı üçün hazır olduqlarını bəyan edirsə, bu qətiyyən dost, qardaş addımı kimi dəyərləndirilə bilməz. Bu, İslam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir.
Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüyü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təlimlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual yaranır – İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən, sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşıdurma yalnız düşmənlərin işinə yarayar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətli – Habil-Qabil hadisəsinin olduğunu unutmayaq. Haqq iddiasında olan, «şirin quyruğuna» dair moizələr edən İranın ali ruhaniyyəti nədənsə ölkələrinin Azərbaycana hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində «Ya Hüseyn» yazılan top lülələrinin şiələrin əksəriyyət təşkil etdiyi müsəlman ölkəsini hədəf alması barədə mövqelərini ifadə etmir, bunun islamı dəyərlərlə nə qədər uzlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sui-istifadə olunması, insanların həssas hissləri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətər toxundura bilər. Haqlı, ədalətli Vətən mücadiləsində Zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtan, iftira yağdıran İranın bəzi imam-cümələrinin fikirləri Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır.
Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir. Onun üzərindən yalnız dostluq körpüləri qurula bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırarkən söylədiyi kimi: “Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir… Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhədidir”.
Azərbaycanda din dövlətdən ayrıdır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdid və qarayaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz İslam bizə haqqın, ədalətin yanında yer almağı təlqin edir.
Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahianın Qafanda erməni baş konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsini tələb edirik. Ümumislam mənafeləri naminə, İslam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu bizim üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadiqdirlər və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. 44 günlük Vətən müharibəsində dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlaya bilər. Azərbaycan dindarları hər zaman dövlət rəhbərimizi dəstəkləyirlər.
Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!”