Əhaliyə pandemiya ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdə bitə bilər
Bir müddət öncə səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirusdan ölüm hallarının minimal səviyyədə olduğunu qeyd etdi.
“Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”, – deyə o bildirib.
Məsələ ilə bağlı bu gün Trend-in suallarını cavablayan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, artıq pandemiyanın sona yaxınlaşmağı ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da bənzər fikirləri qeyd edir.
“Hazırda Azərbaycanda pandemiyanın gedişatı da onu göstərir ki, yoluxma hallarının sayı minimuma enib və ciddi bir COVID-19 şikayəti ilə xəstə müraciəti də olmur. Yəni həm xəstəliyi keçirən insanların sayı azalıb, həm də yoluxanlar daha yüngül formada keçirir. Zamanla bu mövsümi xarakter almağa başlayacaq. Düşünürəm ki, artıq pandemiya bu ilin sonunda aktuallığını itirəcək", - mütəxəssis deyib.
Bununla V.Əliyev onu da qeyd edib ki, koronavirusla bağlı hər hansı konkret bir fikir söyləmək bəzən yalnış ola bilər:
"Çünki ciddi bir mutasiya olarsa, bu, yoluxma hallarına gətirib çıxara bilər. Lakin bu hazırda çox böyük ehtimal deyil, çünki yoluxma azalma istiqamətində gedir. Ona görə bu ilin sonunda pandemiya bitə bilər”, - deyə o əlavə edib.