Mingəçevirdə narkotikə görə 11 nəfər saxlanılıb - FOTO/VİDEO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində keçirilən əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin satışı, eləcə də daşınması ilə məşğul olan, içərilərində qadının da olduğu 11 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olan əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı şəhər sakinləri - Tural Mahmudov, Elxan Hacıyev, Zakir Qarayev, Rövşən Azayev, Zaur Qasımov, Azər Əliyev, Səkinə Allahverdiyeva, Abbasəli Qasımzadə, Faiq Qasımov, Həbib Bağırov və Sübhan Abdullayev tutulublar. Onların üzərindən, eləcə də yaşadıqları ünvanlardan metamfetamin, heroin, tiryək və ümumilikdə iki kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.
“Mingəçevir şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, - məlumatda qeyd olunub.