Paşinyan: “Müttəfiqlərimiz pulunu ödədiyimiz silahları bizə verməkdən imtina ediblər”
“Bəzi ölkələr, o cümlədən respublikanın müttəfiqləri yüz milyonlarla dollar dəyərində silah-sursat verməkdən imtina ediblər. Halbuki bunun üçün ilkin sifariş verilib”.
AFN oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Bizdə elə hallar olub ki, yüz milyonlarla dollar ödənilib, lakin tədarüklə bağlı öhdəliklər yerinə yetirilməyib. O cümlədən müttəfiq ölkələr tərəfindən də bu öhdəliklərin yerinə yetirilmədiyi hallar olub. Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, - deyə Paşinyan Ermənistan parlamentinin iclasında qeyd edib.
Ermənistan mətbuatının iddiasına görə, Paşinyanın nitqində nəzərdə tutulan ölkələrdən biri Rusiyadır. Ermənistanın 400-600 milyon dollar arası ödəniş etməsinə baxmayaraq, Moskvanın müqavilə üzrə nəzərdə tutulmuş hava hücumundan müdafiə, reaktiv yaylım atəş sistemləri və bir çox digər silahları bu ölkəyə vermədiyi bildirilir.