Terrorçuluq və mütəşəkkil transmilli cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığı gücləndirmək vacibdir


Mayın 23-də “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemləri üzrə interaktiv təlim başlayıb.


DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN.az-a verilən məlumata görə, tədbir BMT-nin “Terrorçuların Səyahətinin Qarşısının Alınması Proqramı” çərçivəsində təşkil olunub.

Təlimdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” QSC və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak edir.

Xatırladaq ki, “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin ölkəmizdə tətbiqi Nazirlər Kabinetinin göstərişi ilə formalaşdırılmış və Dövlət Gömrük Komitəsinin rəhbərlik etdiyi işçi qrupu tərəfindən həyata keçirilir.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədov adı çəkilən sistemlərin tətbiqi sahəsində Dövlət Gömrük Komitəsi ilə BMT, BMqT və Böyük Britaniyanın Daxili İşlər Nazirliyi arasında səmərəli əməkdaşlıqdan bəhs edib.

Vurğulanıb ki, bu əməkdaşlıq naməlum təhdidlərin vaxtında aşkar edilməsi, eləcə də sərhəd keçid proseslərinin effektivliyi və sürətinin artırılması üçün bütün qabaqcıl texnologiyalar və vasitələrdən istifadə etməklə, əlaqələndirilmiş, məntiqli və sistemli yanaşmanın tətbiqi məqsədlərini daşıyır.

Baş İdarənin rəisi “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin tətbiqi üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan fəaliyyətlərin icrası barədə də məlumat verib, həmçinin bu sahə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri addımların atıldığını bildirib.

BMT-nin Terrorizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Juliana Papse Vegso təmsil etdiyi qurumla Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib. Bildirilib ki, terrorçuluğa, mütəşəkkil transmilli cinayətkarlığa qarşı effektiv mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, birgə mübarizə tədbirlərinin həyata keçirilməsi vacibdir və Azərbaycanın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir.

Təlim 5 gün davam edəcək.

Təlim zamanı BMT, BMqT və sözügedən sahədə qabaqcıl təcrübəyə malik ölkələrin mütəxəssisləri tərəfindən təhlükəli mühit, API və PNR üzrə hüquqi tələblər, terror riski və sərhəd, sərhəd idarəçiliyinə mərhələli yanaşma, indikatorların inkişaf etdirilməsi və digər mövzularda təqdimatlar nümayiş etdiriləcək, müzakirələr aparılacaq.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu