İdmançının qətli ilə bağlı yeni qərar - İş istintaqa qaytarıldı
Ötən il idmanda zalında başlayan daha sonra qətllə nəticələnən dava ilə bağlı məhkəmə yeni qərar verib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hakim Azər Paşayev işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasına qərar verib.
Belə ki, hadisə ötən ilin martında Bakıda baş verib. 19 yaşlı Əli Abbasov idman zalında məşq edərkən 22 yaşlı Bəxtiyar Nəsibovun ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və irad bildirib. Baxış üstündə yaranan mübahisə böyüyüb və onlar məsələni zaldan kənarda həll etmək qərarına gəliblər. Zaldan çıxdıqdan sonra Ə.Abbasov B.Nəsibovu bıçaqlayaraq öldürüb. 2002-ci il təvəllüdlü Əli hadisədən sonra tutularaq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İşin ibtidai istintaqa qaytarılmasının səbəbləri ilə bağlı zərəçəkmiş tərəfin vəkili Elmar Süleymanov “Qafqazinfo”ya açıqlama verib.
O bildirib ki, Əli Abbasova elan olunan ittiham reallığı əks etdirmir: “Araşdırma zamanı müəyyən etdik ki, qətldə xuliqanlıq niyyəti olub. İkincisi, hesab edirik ki, qətlə yetirilmiş şəxsin qardaşı yetkinlik yaşına çatmadığı dövrdə bu hadisə onun gözü qarşısında baş verib və bu da o deməkdir ki, qətl xüsusi amansızlıqla törədilib. Eyni zamanda təqsirləndirilən şəxsə hadisə bıçağını sonradan gizlətməkdə köməklik edən şəxslər var. Üstəlik Əli Abbasov hadisə yerindən qaçıb. Hesab edirik ki, məsələ tam araşdırılmayıb və ittiham düzgün verilməyib. Bununla əlaqədar ötən prosesdə vəsatət qaldırdıq ki, iş yenidən istintaqa qaytarılsın. Qeyd edilən faktlar təsdiqini taparsa, ona daha ağır maddə ilə ittiham elan olunsun. Prokuror və Əli Abbasovun qardaşı buna etiraz etsə də, hakim vəsatətimizi təmin etdi”.
Qeyd edək ki, Bəxtiyar Nəsibovun idmançı olduğu bildirilir.