“Nərmin işi” ilə bağlı yeni qərar - Bu şahidlər gətirilir
Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, prokurorluq tərəfindən məhkəməyə təqdim olunmuş şahidlərin hamısı dindirildiyindən yeni şahidlərin dindirilməsi üçün əlavə vəsatətlər verilib. Süleymanovun vəkilləri aşağıdakı şəxslərin məhkəmədə dindirilməsi üçün qərar çıxarılmasına nail olublar:
- Bakı İstintaq Təcridxanasında İlkin Süleymanovla eyni kamerada saxlanılan 4 nəfər (onlar İlkini gecələr sayıqlayanda gördüklərini deyirlər).
- Dondar Quşçu sakinləri Qurban Qasımov, Hümbət Novruzov və Aydın Abdullayev. Onlar meyitin yandığını ilk görənlərdən biri olan Altay Ələkbərova meyitin yandığı saatdan daha əvvəl kənd ərazisində rast gəldiklərini deyən adamlardır.
- Dondar Quşçu sakinləri Rüfət Əliyev və Zahidə Əliyeva. Bu şəxslərin sözlərinə görə, yanmış meyit aşkarlanmamışdan 2-3 gün əvvəl Nərminin əmisi Arif Quliyev onlara gəlib. Deyib ki, “ehtiyatlı olun, birdən Nərminin meyitini sizin qapıya atarlar, görən kimi mütləq xəbər verin”.
- İlkin Süleymanovun bacısının yanına hazırlığa gələn şagirdlərdən biri. Belə ki, İlkinin Nərmini 47 gün saxladığı deyilən otaqda onun müəllim bacısı İlhamə Süleymanova repetitorluq edirmiş.
- İlkin Süleymanovun bacısı oğlu Nicat Eminov. Onun 47 gün ərzində dəfələrlə məlum otağa girib-çıxaraq orada paltar dəyişdiyi deyilir.
- İlkin Süleymanovun əmisi Hüseyn Süleymanov. Meyit tapılandan bir gün sonra həmin ərazidə qazıntı aparan Nərminin atası Şərif Quliyevin Hüseyn Süleymanovdan bel istədiyi deyilir.
- Kənd sakini, müəllimə Laləzar Məmmədova. Onun yanına hazırlığa gedən şagirdlər Nərmini məşğələdən sonra 16.30 radələrində əmisigilin evinin yanında gördüklərini bildiriblər.
Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi iddiasını təkzib edir.