İlkin Süleymanovun əmisi oğlu məhkəmədə ifadə verib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesində təqsirləndirilən şəxsin əmisi oğlu keçmiş polis Murad Süleymanov ifadə verib.
"Xidmətdə olduğum zaman əmim oğlunun qonşusu ona zəng edib dedi ki, İlkinlə bir yerdəyik və evimin hasarının yanında meyit yanır. Mən də məsələ ilə bağlı o vaxt polis rəisi olan Şirzad Əsgərova zəng edib məlumat verdim. Meytin üzərində qırmızı gödəkcə var, ya yox maraqlandım və hadisə yerinə gəldim".
Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 6-na təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.