“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başladı


Azercell-in dəstəklədiyi xidmət uşaqları bədbəxt hadisələrdən qorumaq üçün yeni imkanlar açır


“Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinin əməkdaşlıq etdiyi dövlət qurumları sırasına Fövqəladə Hallar Nazirliyi (FHN) də əlavə olundu. Mart ayından başlayan yeni əməkdaşlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə uşaq və yeniyetmələr tərəfindən daxil olan müraciətlər birbaşa olaraq “Uşaq Qaynar Xətti”nə yönləndiriləcək. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə köməksiz halda olan insanlar, o cümlədən uşaq və yaşlılar da müraciət edirlər. Odur ki, yeni əməkdaşlıq ağır vəziyyətlə üzləşən azyaşlılara kömək etmək, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, psixoloji basqı və zorakılıqla üzləşən yeniyetmələrə dərhal peşəkar yardımın göstərilməsi baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə günün istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti hər il müxtəlif çətinliklərlə üzləşən minlərlə uşaq və yeniyetməyə təmənnasız yardım edir. Hüquqları pozulan uşaqları psixoloji və fiziki zədələrdən qorumaq məqsədi daşıyan bu mərkəz 11 ildən artıqdır ki, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Azercell Telekom, UNİCEF Azərbaycan, həmçinin uşaq problemləri sahəsində çalışan dövlət qurumları ilə birgə əməkdaşlıq sayəsində gərgin işini davam etdirir. Bu müddətdə AUQX 53.000-dən çox müxtəlif xarakterli müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, bəzi hallarda isə onlar müvafiq qurumlara yönləndirilir. Zorakılığa məruz qalmış uşaqlar və onların ailə üzvlərinə mərkəzin peşəkar əməkdaşları tərəfindən təcili psixoloji yardım da göstərilir.

“Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, ushaqqaynarxetti@gmail.com elektron poçt ünvanına, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu