Ekspert: “Azərbaycanın neft satışından gəlirləri artacaq”
"Bazardakı hazırkı vəziyyət Azərbaycanın neft satışından daha çox gəlir əldə etməsinə şərait yaradacaq".
AFN.az xəbər verir ki, bu barədə “Report”a “Independent commodity intelligent services” (ICIS) müstəqil konsaltinq şirkətinin neft və neft məhsullarının qiyməti üzrə baş analitiki Parmar Acay neft qiymətlərinin son artımını şərh edərkən bildirib.
“Azərbaycanda orta hesabla gündəlik 720 min barel maye karbohidrogen hasil edilir. Sırf xam neft ixracatçısı kimi Azərbaycanın neft satışından gəlirləri xeyli artacaq”, - o deyib.
O, həmçinin Azərbaycan neftinin bir hissəsinin Rusiyanın “Ural” markalı nefti ilə qarışdırılaraq Rusiya vasitəsilə ixrac edildiyini bildirib: “Əgər Rusiya neftinin ixracına sanksiyalar tətbiq edilərsə, ola bilər ki, Azərbaycan daha bu praktikanı davam etdirməsin. Bununla belə, bu yolla ixrac edilən həcm çox az olduğundan, çox güman ki, Azərbaycana təsir minimal olacaq”.
Neft bazarındakı qiymət artımı ilə bağlı son vəziyyətə gəlincə, bu, ilk növbədə, Ukraynada cərəyan edən son hadisələrlə bağlıdır.
“Neft qiymətlərinin artması sıravi istehlakçılar üçün avtomobil yanacağının bahalaşması ilə nəticələnəcək. İstismar xərclərinin yüksək olması səbəbindən neft emalı zavodları hazırda göstəriciləri artırmağa çalışır, bu isə o deməkdir ki, neft məhsullarının qiyməti daha uzun müddətə yüksək qalacaq”, - o deyib. ABŞ-ın Rusiyadan enerji daşıyıcılarının ixracına birbaşa sanksiyaların tətbiq ediləcəyi ilə bağlı son bəyanatlarını xatırladan Parmar Acay bu ay ərzində neft qiymətlərinin artmaqda davam edəcəyini əlavə edib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Nigeriya, Kanada və s. kimi neft ixracatçıları bundan qazanırlar. Uduzan tərəflərin isə neft idxalçıları olan Çin, əksər Avropa ölkələri, Hindistan və Yaponiya olacaq.