Eldəniz Səlimovun apellyasiya şikayəti təmin edilmədi
Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun apellyasiya şikayəti təmin edilməyib.
Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Hakim Məhəmmədəli Rzayev şikayəti təmin etməyib.
Qeyd edək ki, ötən il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb.
İttihama görə, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ötən ilin dekabrında 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.