Prokuror terrorçuluqda təqsirləndirilən ermənilərə cəza istəyib
Prokuror Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotiniyə 20 il və Rafaelyan Vladimir Otarinə isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
"Report" xəbər verir ki, bunu dövlət ittihamçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan edib.
Prokuror həmçinin çıxışında təqsirləndirilən şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssində çəkmələrini istəyib.
O çıxışında qeyd edib ki, təqsirləndirilən şəxslər cəzaların çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından çıxarılsın.
Daha sonra vəkillər çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.
İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan və mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 7 may 2021-ci il tarixdə, saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib.
Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.