“Performansınız əla idi, jestiniz ondan da yaxşı idi” - UEFA-nın baş katibi


UEFA-nın baş katibi Corco Marketti "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Bakıdakı matçda etdiyi feyr-pley jesti haqqında danışıb.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, turnirin 1/8 final mərhələsinin püşkatma mərasimi zamanı Azərbaycan təmsilçisinə təşəkkürünü bildirib:

“Adətən fantastik qolları qeyd edirik, onların sevincini yaşayırıq. Amma indi başqa məsələyə diqqəti yönəltmək istərdim. Dünən “Qarabağ” klubu tərəfindən idman jesti gördük. Baş hakim “Marsel”in qapısına əllə vurulan qolu saysa da, “Qarabağ” jest edərək, bunun ləğvini istədi. “Qarabağ”a müraciət edərək demək istəyirəm ki, sizin bu turnirdəki performansınız əla idi. Amma feyr-pley jestiniz ondan da yaxşı idi”.

Qeyd edək ki, görüşün 34-cü dəqiqəsində cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib.

Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini deyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.

Qeyd edək ki, "Marsel" "Qarabağ"ı Bakıda 3:0, Fransada isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu