Orqan transplantasiyası İcbari Tibbi Sığortaya daxil edilə bilər
“Orqan və toxumalarının transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzi yaradılıb. Bu, birbaşa Səhiyyə Nazirliyinin tabeliyində olan mərkəz olacaq”.
AFN.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, orqanların idxal və ixracı, donorların reyestri, pasiyentlərin qeydiyyatı nəzərdə tutulub: “Artıq bununla bağlı əsasnamə təsdiq olunub və Nazirlər Kabinetinə göndərilib. Ona yenidən baxılıb. Həmin mərkəzin yerləşəcəyi yer də məlumdur. Orada son hazırlıq işləri görülür. Mərkəzin nəzdində Etik Komissiya fəaliyyət göstərəcək və orada ictimai nəzarət çox güclü olacaq. Burada hüquq-mühafizə, QHT, səhiyyə qurumlarının nümayəndələri olacaq. Mərkəz tam şəffaf şəkildə fəaliyyət göstərəcək. Bütün məlumatları məxfilik qorunmaqla internet səhifəsindən əldə etmək mümkün olacaq”.
Nazir bildirib ki, hazırda 14 səhiyyə müəssisəsinin orqan köçürülməsi həyata keçirməsi üçün lisenziyası var. Lakin həmin müəssisələr akkreditasiyadan da keçməlidirlər. Bundan sonra transplantasiya ilə məşğul olan mərkəzlər reyestrinə daxil olacaqlar.
T. Musayev əlavə edib ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də işçi qrupu var. Ehtimal olunur ki, transplantasiya da xidmətlər zərfinə daxil ediləcək.