Sosial şəbəkədəki paylaşımına görə 1 ay həbs edildi
Baş Prokurorluq bəzi sosial media istifadəçilərini və media orqanını cərimələyib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sosial media istifadəçiləri Mirzəli Yalçın Yaşar oğlu, Hüseynov İlham Telman oğlu, Abbaslı Nizami Əsədulla oğlu, İsayev Əfqan Ənvər oğlu və Azadov Rasim Əlif oğluna gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Əliyev Namiq Səməd oğlu qanunla yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etməyə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı “Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Binəqədi rayon məhkəməsinin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Öz növbəsində Namiq Əliyevin “Facebook” sosial şəbəkəsində ona məxsus olan “Yeniavaz.az” səhifəsində yuxarıda təsbit olunan informasiyanı götürməməsinə görə hüquqi şəxs “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə göndərilib.